
"AI4Culture: Mədəniyyətin Rəqəmsal Transformasiyası" layihəsi çərçivəsində iştirakçılar süni intellekt və rəqəmsal texnologiyaların mədəniyyət sahəsində tətbiqi ilə bağlı nəzəri və praktik biliklər əldə etdilər.
Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı və Süni İntellekt Azərbaycan platformasının tərəfdaşlığı ilə həyata keçirilib. Bu əməkdaşlıq nəticəsində gənclərin texnologiya və mədəniyyətin kəsişməsində inkişaf etməsi, yeni texnoloji imkanların yaradıcı sahələrə inteqrasiyası istiqamətində mühüm addımlar atılıb.
Layihə çərçivəsində iki əsas yenilik ictimaiyyətə təqdim olunub. Bunlardan biri, 5 tanınmış mədəniyyət xadiminin süni intellekt texnologiyası vasitəsilə "canlandırılması" olub. Bu videolar vasitəsilə görkəmli şəxslərin səsi, danışıq tərzi və vizual görünüşü realistik şəkildə yenidən yaradılaraq gənc nəsilə təqdim edilib. Bu yanaşma onların irsinin müasir formatda yaşadılması və texnologiyanın mədəni yaddaşa xidmət etməsi baxımından böyük maraq doğurub.

Digər mühüm yenilik isə layihə çərçivəsində yaradılan Virtual Muzey olub. Muzey, süni intellektin və 3D vizualizasiyanın imkanlarından istifadə edilərək formalaşdırılıb və Azərbaycanın mədəni irsini interaktiv formada təqdim edir. Virtual Muzey ziyarətçilərə istənilən məkandan daxil olmaqla eksponatlarla tanış olmaq, interaktiv məlumatlar əldə etmək və mədəniyyətimizi rəqəmsal müstəvidə kəşf etmək imkanı yaradır. Bu təşəbbüs, rəqəmsal transformasiyanın mədəniyyətin qorunması və yayılmasında oynadığı rolu əyani şəkildə nümayiş etdirir.

Layihənin ümumi məqsədi gənclərin süni intellekt texnologiyalarına dair bilik və bacarıqlarını artırmaq, həmçinin milli mədəniyyətin müasir texnologiyalar vasitəsilə tanıdılması və qorunmasına töhfə vermək olub. İştirakçılar müxtəlif seminarlar, praktiki təlimlər və interaktiv sessiyalar vasitəsilə rəqəmsal transformasiya prosesinə dair dərin biliklərlə təmin olunublar.
Bağlanış mərasimində layihəni uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olundu. Sertifikatlar Dünya Azərbaycanlıları Gənclər Təşkilatının baş katibi Nazrin Süleymanova və Süni İntellekt Azərbaycan platformasının əməkdaşları tərəfindən təqdim edilib.