

“Qərbi Azərbaycanlıların Gənc Səfirləri” layihəsi, Qərbi Azərbaycandan olan gənclərin milli yaddaş, tarix və mədəni kimlik mövzusunda bilik və şüur səviyyəsini artırmaq məqsədi ilə həyata keçirilir. Layihə çərçivəsində gənclər bölgənin tarixi irsi, deportasiya hadisələri, mədəniyyət abidələri və milli dəyərləri haqqında ətraflı məlumatlandırılır. Onlar eyni zamanda ictimai çıxış bacarıqları, diplomatik yanaşma, münaqişələrin sülh yolu ilə həlli və gənc səfirlik missiyası ilə bağlı müxtəlif təlimlərdə iştirak edirlər.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Qərbi Azərbaycanın Gənc Səfirləri” layihəsi ölkəmizi və Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq arenada layiqli təmsil və təbliğ edəcək gənc səfirlərin yetişdirilməsini hədəfləyir.
Layihənin məqsədi həm əslən Qərbi Azərbaycan, həm də digər rayonlarımızdan olan gənclərin beynəlxalq əməkdaşlığını dəstəkləmək, onları diplomatik protokol qaydaları, beynəlxalq münasibətlər və tarix haqqında dərin biliklərlə yetişdirməkdir. Layihə çərçivəsində 40 iştirakçı (25 əyani və 15 onlayn) müxtəlif diplomatlar və dövlət rəsmiləri ilə görüşlərdə iştirak etdi, Qərbi Azərbaycan tarixi və həqiqətlərini öyrəndi, natiqlik bacarıqlarını inkişaf etdirdi və praktik biliklər qazandılar.
Qeyd edək ki, Qərbi Azərbaycanın gənc səfirlərinin seçilmə prosesi 3 mərhələdən ibarət olub. İlkin mərhələdə layihəyə maraqlı gənclər onlayn qeydiyyatdan keçmiş, daha sonra həm əyani, həm də onlayn müsahibələrdə iştirak etmiş və seçilən gənclər test mərhələsində iştirak etmə hüququ qazanmışlar. Test mərhələsini də uğurla keçən namizədlər layihədə iştirak etmə hüququ əldə etmişlər. Əlavə olaraq nəzərinizə çatdırmaq istərdik ki, layihə üzrə ümumilikdə 121 nəfər qeydiyyatdan keçmişdi.
1-ci görüş: Azərbaycan Respublikasının tanınmış ictimai-siyasi xadimi, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov tərəfindən “Tarixi yaddaş: Qayıdış hüququnun müdafiəsi üçün Gənc Səfirlərin üzərinə düşən missiyalar” mövzusunda keçirilib.
2-ci görüş: Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsinin sədri və Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədrinin müavini Şahin İsmayılov tərəfindən “Gənclər Qərbi Azərbaycana qayıdışa necə töhfə verə bilər?” mövzusunda keçirilib.
3-cü görüş: Azərbaycan Respublikasının Milli Məclisinin deputatı və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Qaya Məmmədov tərəfindən “Qayıdışın Hüquqi Əsasları: Beynəlxalq Hüquq və Azərbaycan Perspektivləri” mövzusunda keçirilib.
4-cü görüş: Azərbaycan Respublikasının ilk Baş naziri, Fövqəladə və səlahiyyətli səfiri, Tarix elmləri doktoru, professor Həsən Həsənov tərəfindən "Atropatena dövlətinin yaranması və tarixi sərhədləri" mövzusunda keçirilib.
5-ci görüş: Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev tərəfindən “Qayıdış və Parlament diplomatiyası” mövzusunda keçirilib.
6-cı görüş: Azərbaycan Respublikası Milli Məclisinin deputatları Nigar Məmmədova, Səbinə Xasayeva və Naqif Həmzəyev tərəfindən “Beynəlxalq təmsilçilikdə Qayıdışın təbliği: vəzifələr və addımlar” mövzusunda panel müzakirə formatında baş tutdu.
Bağlanış mərasimi: Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədrinin müavini Qaya Məmmədov gənc səfirlərlə qayıdış konsepsiyası, bunun əhəmiyyəti və gənclərin üzərinə düşən öhdəlikləri ilə bağlı ətraflı müzakirələr apardılar. Gənclər layihənin davamiyyəti üçün öz təkliflərini və ideyalarını səsləndirdilər və növbəti görüləcək işlər barədə öz suallarına cavab tapdılar.
Layihəni uğurla bitirən iştirakçılar Dünya Azərbaycanlıları Gənclər Təşkilatı tərəfindən diplom və plaketlərlə təltif edildilər.
Mükafatlar gənc səfirlərə İndira Hacıyeva, Qaya Məmmədov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev və Dünya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramin Həbibzadə tərəfindən təqdim edildi.